Çəpgözlük – gözlərin paralelliyinin itməsi, hər iki gözün fərqli yönlərə baxdığı göz qüsurudur.
Çəpgözlük sadəcə kosmetik defekt deyil. Dünyada çəpgözlükdən əziyyət çəkənlərin sayı 10 milyondan çoxdur. Göz xəstəliklərinin 10%-ni təşkil edən çəpgözlük xüsusilə uşaqlarda geniş yayılmışdır.
Gözü hərəkətə gətirən 6 cüt əzələlərin koordinasiyası nəticəsində bir obyektə baxarkən hər iki gözümüz bir nöqtəyə fokuslanır. Normal halda gözlərimizi müxtəlif istiqamətlərdə hərəkət etdirdiyimizdə göz almaları paralel olaraq hərəkət edir. Bu tarazlığın pozulması isə iki gözün fərqli nöqtələrə baxması, yəni çəpgözlükdür.
- Ən çox qarşılaşılan səbəblər miyopiya, hipermetropiya, astiqmatizm kimi görmə qüsurlarıdır.
- Çəpgözlük ehtimalı erkən yaşlarda çəpgözlükdən əziyyət çəkmiş valideynlərin uşaqlarında və qohum nigahlarından doğulan körpələrdə yüksəkdir.
-Çətin keçmiş hamiləlik və doğuş zamanı travmalar.
-Körpə yaşlarda keçirilmiş infeksiyon xəstəliklər.
-Kəllə-beyin travmaları
-Daun sindromu, uşaq serebral iflici, hidrosefaliya kimi mərkəzi sinir sistemi xəstəlikləri.
-Qorxu hissi, güclü stress kimi psixi travmalar.
Heç bir görmə pozuntusu olmayan gözlərdə beyin hər iki gözdən gələn görüntünü birləşdirərək 3D obraz yaradır. Çəpgözlükdən əziyyət çəkən uşaqlarda isə gözlər beyinə iki fəraqli görüntü göndərir, nəticədə beyin yanlış tərəfə baxan gözün görüntüsünü qəbul etməyərək o gözü prosesdən xaric edir. Nəticədə:
-Binokulyar görmə, yəni iki gözün birgə görmə qabiliyyəti pozulur,
-3D görüntü olmur,
-Çəpləşən gözdə ambliopiya, yəni göz tənbəlliyi yaranır.
Çəpgözlüyün erkən diaqnozu müalicəsini daha da asanlaşdırır, bu baxımdan valideynlərə şübhələndikləri halda uşaqlarını oftalmoloqa götürmələrini tövsiyyə edirik. Çəpgözlüyün bir neçə metodla müalicəsi mümkündür.
İlk olaraq uşaqda refraksiya qüsuru müəyyən edilərək buna uyğun eynək və ya kontakt linza təyin olunur. Ambliopiya aşkarlandığı halda uşağın yaxşı görən gözü həkimin təyin etdiyi rejimlə bağlanır, “tənbəl göz” üçün xüsusi məşğələ proqramı yazılır. Bundan əlavə, xüsusi aparatlar sayəsində ambliopiyanı aradan qaldırmaq da mümkündür. Bunlar yetərsiz olduqda isə cərrahi əməliyyata ehtiyac duyulur. Qeyd etməliyik ki, cərrahi əməliyyat gözlərin paralelliyini təmin etmək üçündür və göz əzələlərində aparılır. Yəni əməliyyatın gözlərin itiliyinə təsiri yoxdur. əməliyyatdan sonra da eynək taxmaq, xüsusi göz məşğələləri etmək vacibdir.
Bütün bunlar asan olmayan və uzun vaxt tələb edən prosedurlardır. Bu səbəbdən çəpgözlüyün müalicəsi səbr, dözümlülük və diqqət tələb edir.