Bizə bütün dünyanı göstərən gözlər çox önəmli orqandır. Gözlərə qayğı göstərmək mütləqdir. Gündəlik həyatımızın ayrılmaz hissəsi olan, yenilənən texnologiya alətləri görmə qabiliyyətinə mənfi təsir edir. Xüsusən də kiçik yaşlarından etibarən televizor, mobil telefon, planşet və kompyuterin təsirinə məruz qalan uşaqlarda vaxtından əvvəl görmə qabiliyyətinin pisləşməsi müşahidə edilir.
Məktəb periodu uşaqların gözləri çox yükləndiyi üçün uzaq və yaxını görmədə pozuntular, astiqmatizm kimi deffektlərin yaranması baxımından təhlükəli zaman sayılır. Bu məqalədə məktəb periodunda uşaqların görmə qabiliyyətinin qorunması üçün bir neçə tövsiyyə ala bilərsiniz:
* Dərs periodunda uşaqların gün rejimi düzgün qaydada qurulmalıdır.
* Məktəbdən gəldikdən sonra uşaqlar 1-2 saat istirahət etməli, daha sonra dərslərini etməyə başlamalıdır.
* Dərs etdiyi vaxt ərzində hər yarım saatdan bir 10 dəqiqə istirahət etməlidir. Yaş artdıqca fasilə 1 saatdan bir ola bilər.
* Dərs etdikləri aman uşaqların masa arxasında düzgün oturması vacibdir. əks halda həm bel sümüyünün əyilməsinə, həm də gözlərdə deffektlərin yaranmasına gətirib çıxara bilər.
* Uşaqların dərs etdikləri məkan bərabər ölçüdə işıqlı olmalıdır. Təbii işığın olması üstünlükdür. Axşam vaxtları isə əlavə olaraq stolüstü lampadan istifadə edilməsi tövsiyyə edilir. Lakin kontrast yaratmamaq üçün lampanın işığı məkanın ümumi işığından gur olmamalıdır.
* Televizora baxarkən gözlər gərgin vəziyyətdə olur. Xüsusilə qaranlıq otaqda, uzanan vəziyyətdə televizora baxmaq tövsiyyə edilmir. Televizora 3 metrdən yaxın olmamaq şərtilə, ekrana düz istiqamətdə baxılması tövsiyə edilir.
* Uşaqlar kompyuter qarşısında vaxt keçirdikləri müddətdə hər 15 dəqiqədən bir mütləq fasilə etməlidir.
* Uşaqların qida rasyonuna xüsusi diqqət yetirilməli, A, C və E vitaminləri ilə zəngin qidalara üstünlük verilməlidir.
* Uşağın görmə qabiliyyətində hər hansı deffekt mütləq sinif müəlliminə bildirilməli, uşağın hansı masa arxasında oturması deffekt əsas alınaraq tənzimlənməlidir.
* Bütün bunlara rəğmən uşağınızın görmə qabilliyyətində hər hansı pozuntular olduqda, mütləq oftalmoloqa (göz həkiminə) müraciət edilməlidir!