Gözlər üçün faydalı qidalar dedikdə siyahının başında kök və qaragilə gəlir. Gözlərə faydalı olmağın əsas prinsipi qidaların A, E və C vitaminləri ilə zəngin tərkibli olmasından keçir.
Tor qişa piqmentinin tərkib hissəsi olduğundan, Vitamin A göz üçün çox vacibdir. Bu vitaminin çatışmazlığı “gecə korluğu” ilə yanaşı bir çox xəstəliyə səbəb ola bilər. Görmə qabiliyyəti zəifləmiş insanların tərkibində A vitamini olan qidalar qəbul etməsi mütləqdir. Kökün gözlər baxımından əhəmiyyəti məhz bu vitaminin çoxluğu ilə əlaqəlidir. Kök, orqanizmdə A vitamininə çevirilən beta-karotinin mənbəyidir. Həmçinin sarı bibər, avakado, ərik (həm təzə, həm də qurudulmuş halda) göstəricilərinə görə siyahının yuxarısında gəlir. Gündəlik Vitamin A ehtiyacını isə 2 yumurta sarısı ilə qarşılaya bilərsiniz.
İnsan orqanizmində qan dövranı ilə bağlı yaranan təzyiq problemi görmə qabiliyyətinə təsir edir. Ona görə də, gözü ayrı bir orqan kimi qəbul etməmək lazımdır. Yüksək təzyiqli insanlarda tor qişanın qanla təmin edilməsi normada olmur, bu isə göz sağlamlığının ilk növbədə qan damarlarından asılı olduğu deməkdir. İstər görmə qabiliyyətində problemi olanlar, istərsə də ideal görmə qabiliyyətinə sahib insanlarda damarların qorunması baxımından Vitamin C-nin əhəmiyyətini vurğulamaq lazımdır. Bu vitamin göz sağlamlığı üçün çox önəmlidir. Gündəlik Vitamin C ehtiyacını isə 1 portağal ilə qarşılaya bilərsiniz.
Göz hüceyrələrinin vaxtından əvvəl qocalmasını, tor qişa və qüzehli qişada distrofik dəyişikliklərin əmələ gəlmə təhlükəsini azaldan Vitamin E, güclü antioksidantdır. Göz şişinin əmələ gəlməsinin qarşısını almaq istəyənlərə bu vitaminin gündəlik qəbulu vacibdir. Göz sağlamlığı üçün bu qədər əhəmiyyətli olan gündəlik Vitamin E ehtiyacını isə 50-100 qr fındıq və ya qoz ilə qarşılaya bilərsiniz.
Qeyd etdiyimiz vitaminlərlə zəngin olan qidalar görmə qabiliyyətini 7,0-20% yaxşılaşdırır. Burada vacib məqam qeyd etdiyimiz vitaminləri çox yox, günlük ehtiyac tələblərinə uyğun qəbul etməkdir. Orqanizmimiz vitamin ehtiyatı yığa bilmir, normadan çox qəbul etdiyimiz halda artıq qalanı xaric edir.
Bunlardan əlavə, bəzi mikroelementlər də göz sağlamlığı üçün faydalıdır. Keçmişdə daha çox sink tərkibli qabların istifadə edildiyi dövrlərdə katarakta xəstəliyinə az təsadüf edilirdi. Sink göz büllurunun qocalmasının qarşısını alaraq xəstəliklərin ortaya çıxma ehtimalını azaldır. Görmə qabiliyyətində problem olan insanların tərkibində sink olan qidaları (balqabaq, qara ciyər, balıq və s.) mümkün qədər çox yeməyi tövsiyyə edilir.
Həmçinin, göz qişasının qabığının möhkəm və hamar olması orqanizmdəki kalsiyumdan asılıdır. Kalsiyumun əsas mənbəyi isə süd məhsullarıdır.